
14.06.2026
Mart ayından etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.
Layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iyunun 12-də Balakən şəhərində konsert proqramı ilə çıxış edib.
Balakən rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə bəstəkar mahnıları və xalq yaradıcılığı nümunələri səsləndirilib.
Proqram Cahangir Cahangirovun “Bulaq başında” rəqsi ilə başlayıb. Daha sonra “Oyna, yar”, “Ləbuləb”, “Durnalar”, “Çahargah”, “Güllü bağlar” kimi xalq və xor əsərləri səsləndirilib. Konsertdə həmçinin Niyazinin “Arzu”, Firəngiz Babayevanın “Töhfəmiz olsun”, Oqtay Kazıminin “Eşqimin bəxti”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Faiq Sücəddinovun “Ay sevgilim”, Əlibaba Məmmədovun “Mənim Azərbaycanım” və Bəhram Nəsibovun “Qarabağ” əsərləri ifa olunub.
Kollektivin təqdim etdiyi “Şalaxo”, “Ay Ləli”, “Vağzalı-Mirzəyi”, “Uzundərə”, “Qavalla rəqs”, “Qarabağ ceyranı” və “Gənclik rəqsi” kimi milli rəqs nümunələri gecəyə xüsusi rəng qatıb.
Konsertin baletmeysteri Əməkdar artist Ceyhun Qubadov, xormeysteri isə Əməkdar artist Naala Baratelia olub. Musiqi nömrələrini Əməkdar artist Xəyyam Məmmədov (kamança), Emin Eminli (tar), Cəfər Həsənov (zərb aləti), Lalə Bağırzadə və Fərdin İlham Məhəmmədzadə (piano) müşayiət ediblər.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.