Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qaxda Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib

19.12.2025

19.12.2025-ci il tarixdə Qax rayon Heydər Əliyev Mərkəzində görkəmli dramaturq, yazıçı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir Qax rayon Heydər Əliyev Mərkəzi və S. Vurğun adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.Tədbirin əsas məqsədi Maqsud İbrahimbəyovun zəngin yaradıcılıq irsinin təbliği, onun Azərbaycan dramaturgiyası və ədəbiyyatına verdiyi töhfələrin geniş ictimaiyyətə çatdırılması, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda maarifləndirilməsi olub.

 

Dəyirmi masa formatında keçirilən tədbirdə çıxışlar zamanı Maqsud İbrahimbəyovun dram əsərlərinin mövzu və ideya xüsusiyyətlərindən, insan taleyi, mənəvi-əxlaqi problemlər, cəmiyyət və şəxsiyyət münasibətləri kimi aktual məsələlərin onun yaradıcılığında tutduğu yerdən bəhs olunub. Eyni zamanda yazıçının əsərlərinin teatr və kino sənətində uğurla səhnələşdirilməsi, bu əsərlərin zamanın sınağından çıxaraq bu gün də aktuallığını qoruması vurğulanıb.

 

Maqsud İbrahimbəyovun həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar nümayiş etdirilib, səsləndirilən fikirlər və çıxışlar tədbirin məzmununu daha da zənginləşdirib. İştirakçılar yazıçının yaradıcılığının milli ədəbiyyatımızda xüsusi yer tutduğunu qeyd ediblər. Maqsud İbrahimbəyovun irsinin öyrənilməsi və təbliğinin vacibliyi bir daha qeyd edilib, bu kimi tədbirlərin keçirilməsinin mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.