Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəki-Zaqatala regionu üzrə Uşaq İncəsənət Festivalının final mərhələsində uğur qazanmış şagirdlərdən ibarət konsert proqramı keçirilib

17.12.2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı (UİF) ölkəmizdə uşaqlar üçün təşkil olunan ən genişmiqyaslı incəsənət layihələrindən biridir.

Festivalın əsas məqsədi uşaqlarda incəsənətə marağının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması, bədii-estetik zövqünün formalaşdırılması, regionlararası mədəni inteqrasiyanın gücləndirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir.

Uşaq İncəsənət Festivalında Şəki–Zaqatala regionu üzrə 6–17 yaş qrupunda olan, yaradıcılıq bacarıqlarına güvənən uşaqlar peşəkar və həvəskar kateqoriyalar üzrə iştirak ediblər. Festival üç yaş qrupu (6–9 yaş, 10–13 yaş, 14–17 yaş) üzrə təşkil olunub və iştirakçıların bacarıqları peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Ümumumilikdə festival 24 nominasiya üzrə keçirilib və Şəki-Zaqatala regionu üzrə 642 şagird fərdi, 19 kollektiv iştirak edib. İştirakçılardan 126 fərdi, 5 kollektiv final mərhələsində iştirak etmək hüququ əldə edib.

Festivalın final mərhələsinin nəticələrinə əsasən Şəki–Zaqatala regionu üzrə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbindən İlham Rəcəbov 6–9 yaş qrupunda Azərbaycan xalq çalğı zərb alətləri nominasiyası üzrə peşəkar kateqoriyada I yerə, Hüsniyyə Hacıyeva 14–17 yaş qrupunda estrada oxuma nominasiyası üzrə həvəskar kateqoriyada II yerə layiq görülüb. Həmin məktəbin “Buta” xor kollektivi 6–9 yaş qrupunda xor nominasiyası üzrə I yerə layiq görülüb.

Balakən Uşaq İncəsənət məktəbindən Fatimə Çıraqi 14–17 yaş qrupunda səhnə aktyorluğu nominasiyası üzrə peşəkar kateqoriyada I yer, Məhəmməd Əmiraslanov isə 10–13 yaş qrupunda heykəltəraşlıq nominasiyası üzrə peşəkar kateqoriyada III yer qazanıb, Heykəltəraşlıq nominasiyası üzrə Səfiyə Mehdiyeva, Qəbələ rayon Uşaq İncəsənət məktəbindən Ramal Əzizov 6–9 yaş qrupunda aşıq sənəti nominasiyası üzrə həvəskar kateqoriyada I yerə layiq görülüb.

Zaqatala rayon Uşaq İncəsənət məktəbindən Arif Qarəhmədli 10–13 yaş qrupunda akademik vokal nominasiyası üzrə peşəkar kateqoriyada I yer əldə edib. Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbindən Elnur Xəlilov Azərbaycan xalq çalğı simli alətləri nominasiyası üzrə I yer, Elnur Pirməmmədli isə 14–17 yaş qrupunda fortepiano nominasiyası üzrə III yer, Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin “Qaranquşlar” xor kollektivi 10–13 yaş qrupunda xor nominasiyası üzrə II yer, “Gənc cazmenlər” kollektivi isə 14–17 yaş qrupunda caz ifaçılığı nominasiyası üzrə II yer, “Sülh göyərçinləri” xor kollektivi I yer, Turan qəsəbə Uşaq Musiqi məktəbindən Həqiqət Əliyeva 14–17 yaş qrupunda aşıq sənəti nominasiyası üzrə həvəskar kateqoriyada I yer, Qax rayon Uşaq Musiqi məktəbindən Bəxtiyar Həsilov 10–13 yaş qrupunda heykəltəraşlıq nominasiyası üzrə peşəkar kateqoriyada II yer, “Liquid” rəqs kollektivi 10–13 yaş qrupunda müasir rəqs nominasiyası üzrə II yerə, Şəki şəhər Uşaq İncəsənət məktəbindən Aydan Xəlilli isə 6–9 yaş qrupunda müasir rəqs nominasiyası üzrə peşəkar kateqoriyada II yerə layiq görülüb.

Konsert çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən qalib şagirdlərin müəllimləri və konsertmeysterləri Təşəkkürnamə ilə təltif edilib. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Şəki şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil edilən konsert proqramı rəngarəngliyi ilə yadda qalıb.

Əldə olunan bu nailiyyətlər uşaq və gənclərin incəsənət sahəsində potensialının yüksək olduğunu bir daha nümayiş etdirir. Qalibiyyət münasibətilə məktəblərin müəllim və şagird kollektivlərini, eləcə də valideynləri təbrik edir, gənc istedadlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzu edirik.