19.12.2025
19 dekabr 2025-ci il tarixində Balakən rayon Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev – Konstitusiyamızın və dövlət suverenliyimizin memarıdır!” başlığı altında ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİHB aparatının kollektivi, idarə və müəssisə rəhbərləri, əməkdaşları iştirak ediblər.
Çıxış edənlər Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında, Azərbaycan Respublikası Konstitusiyanın qəbulunda və dövlət suverenliyinin möhkəmləndirilməsində oynadığı əvəzsiz roldan bəhs ediblər.
Balakən rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və bədii qiraət dərnəyinin üzvlərinin iştirakı ilə xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiya Ulu Öndərin mənalı həyat yolunu, dövlətçilik tariximizdəki misilsiz xidmətlərini və xalq yaddaşında əbədi yaşayan zəngin irsini bədii formada təqdim edib.
Tədbir çərçivəsində Şəfəq Hacıyevanın fortepianoda müşayiəti ilə gənc vokalist Vasif Qasımovun ifasında Sevil Əliyevanın “Əziz anam” mahnısı səsləndirilib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar