17.12.2025
Dekabrın 17-də Qəbələ Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Qəbələ rayon Mədəniyyət Mərkəzində Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş “Misralarda yaşayan ömür” adlı sərgi-tədbir keçirilib.
Tədbirdə Qəbələ Heydər Əliyev Mərkəzinin, İsmayıllı Regional Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi, MKS-nin 2 saylı kitabxana filialı əməkdaşlarının, Qəbələ yazarları və şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirak edib.
Çıxış edənlər bildirib ki, Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirib. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapıb.
Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini verib.
Tədbir çərçivəsində şagirdlərin ifasında kompozisiya təqdim edilib, şairin həyat və yaradıcılığı barədə hazırlanmış videoçarx nümayiş olunub.
Sonda Rəsm Qalereyasınında Azərbaycanın şair, yazıçı və dramatuqlarının portretlərindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirilib.